Ölkədə geniş vüsət almış koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə qoşulan BMT-nin Əhali Fondunun (BMTƏF) ölkə nümayəndəliyi xəstəliyin profilaktikası üçün nəzərdə tutulmuş bir sıra tibbi və sanitar-gigiyena ləvazimatlarının tədarükü və təchizatını başa çatdırıb. Belə ki, Fond əlcək, tibbi maska, rəqəmsal termometr, əl və səthlər üçün dezinfeksiyaedici maye, tibb işçiləri üçün üz sipəri və s. ləvazimatlardan ibarət olan yardım dəstlərini tərəfdaşlıq etdiyi sosial xidmət və qayğı, eləcə də səhiyyə sahələrində fəaliyyət göstərən müəssisələrə təhvil verib.
Məişət zorakılığına məruz qalmış qadınların üz tutduğu ünvanlardan biri olan qadın sığınacaqlarının fəaliyyətinin dəstəklənməsi və hazırkı pandemiya şəraitində sığınacaq sakinlərinin koronavirusdan müdafiəsinin təşkilinə töhfə vermək məqsədilə ləvazimatların bir qismi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq akkreditasiyası əsasında fəaliyyət göstərən qadın sığınacaqlarına – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinə (Bakı) və “Təmas” Regional İnkişaf İctimai Birliyinə (Gəncə) təqdim olunub.
Pandemiya dövründə hamilələrin, gənc anaların və yenidoğulmuşların sağlamlığının təmin olunmasının ən ümdə məsələlərdən biri olduğunu nəzərə alaraq, BMTƏF ləvazimatların bir hissəsini doğum evləri və qadın məsləhətxanalarına paylanılması üçün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna təhvil verib.
Tədarük edilmiş ləvazimatların daha bir qismi Fondun tərəfdaşlarından biri olan “Üçüncü Bahar” İctimai Birliyinə çatdırılıb. Öz fəaliyyətini yaşlı və ahıl vətəndaşların asudə vaxtının səmərəli təşkilinə həsr edən birliyin sözügedən ləvazimatları öz şəbəkəsində olan yaşlı insanların ehtiyacları üçün sərf edəcəyi gözlənilir.
“BMT-nin Əhali Fondunun ölkə nümayəndəliyi COVID-19 pandemiyasının ilk günlərindən xəstəliklə mübarizə sahəsində müxtəlif tədbirlər həyata keçirir. Bu sırada həm maarifləndirmə, həm də müvafiq sahələrdə zəruri praktik dəstəyin göstərilməsini qeyd edə bilərik. Fond bundan sonra da öz səlahiyyətləri və imkanları daxilində ölkədə koronavirus infeksiyasının yayılmasına qarşı aparılan ölkəmiqyaslı mübarizəyə öz dəstəyini verməkdə davam edəcək”, deyə BMTƏF Azərbaycan nümayəndəliyinin rəhbəri Fərid Babayev vurğulayıb.
Qeyd edək ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən BMT-nin Əhali Fondu gender bərabərliyi və gender-əsaslı zorakılıqla mübarizə, reproduktiv sağlamlıq və demoqrafiya və əhali sakinliyi sahələri üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir.
Hibya Xəbər Agentliyi
Hiç yorum yok:
Yorum Gönder